BMqT Azərbaycan nümayəndəliyi kəhrizlərin bərpası sahəsinin pioneridir

BMT-nin miqrasiya agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT-in) ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə Azərbaycan hökuməti bir sıra xarici beynəlxalq təşkilatlarla birgə layihələr çərçivəsində məhsuldar əməkdaşlıq edir. BMqT-nin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi ekologiyanın mühafizəsi və insanların rifahına xidmət edən mühüm layihələrdən biridir.

BMqT-nin Azərbaycan nümayəndəliyi kəhrizlərin bərpası sahəsinin pioneridir desək yanılmarıq. Məhz bu qurum 1999-cu ildən etibarən müxtəlif layihələr çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın bir sıra rayonlarının ərazisində mövcud olan 163-dən çox kəhrizi bərpa edərək əhalinin istifadəsinə verib. Məhz bu sahədə göstərdiyi uğurlu fəaliyyətinə görə təşkilat 2012-ci ildə ekologiya sahəsində ən nüfuzlu mükafat olan “Energy Globe Award”a layiq görülüb. Bu mükafat ekoloji cəhətdən davamlı layihələr həyata keçirən və ətraf mühitin qorunması üçün təsirli vasitələri tətbiq edən təşkilatlara verilir.
BMqT tərəfindin bərpa edilmiş kəhrizlərdən biri olan Naftalan rayonundakı Çəkil kəhrizi hazırda ətraf ərazinin əhalisi və kənd təsərrüfatı torpaqlarının su ilə təchizatında böyük paya sahibdir. Həmin kəhrizin suyu bu ərazidə yaşayan 12 mindən çox əhalidən 8400 nəfərinin məişət və suvarma ehtiyaclarının təmin olunmasında mühüm rol oynayır. Daimi su mənbəyi olan bu kəhriz sayəsində yerli əhali doqquz il ərzində Naftalan və ətraf ərazidə 20 minə yaxın ağac əkiblər. Bu işlərin həyata keçirilməsi və ümumilikdə həmin kəhrizin indiyədək işlək halda qalması layihə çərçivəsində yerli icma üzvlərindən seçilmiş Su İstifadəçiləri Komitəsinin sayəsində mümkün olub.

Kəhriz sistemlərinin işlək halda qalması kəhrizlərin bərpasında çalışan peşə adamlarının – kankanların hazırlanması və ümumilikdə kəhrizqazma sənətinin bərpasının əsas şərtlərindəndir. Kəhriz sistemləri və onun bərpası üzrə biliklərin, təcrübənin və bu işlə məşğul olan kankan peşəsinin sirlərini gələcək nəsillərə ötürülməsi üçün BMqT Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ADAU-da kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, bilik və təcrübələrin paylaşılması üçün ixtisaslaşmış Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi yaradılıb, fakültə müəllimlərinin kəhriz mühəndisliyi üzrə təlimçilərin təlimində iştirakı təmin olunub. Bununla yanaşı, kəhriz mühəndisliyi üzrə fənn kurrikulumunu işləyərək, universitetin müvafiq ixtisaslar üzrə tədris proqramlarına salınması planlaşdırılır.
Ümumilikdə layihə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin prinsiplərini həyata keçirilməsi səylərinə bir sıra istiqamətlərdə töhfə verəcək. Bu istiqamətlərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi (1-ci Məqsəd), qadınların imkanlarının artırılması və qərar vermə proseslərində iştirakının təmin olunması, aid olduqları icmalarda liderlik rollarının artırılması (5-ci Məqsəd), ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi (6-cı Məqsəd) daxildir.