BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATI (BMqT)

BMqT-nin Azərbaycan Respublikasındakı fəaliyyəti siyasətin hazırlanması, struktur islahatlarının aparılması, miqrasiya qanunvericiliyinin və operativ fəaliyyətin təkmilləşdirilməsi və sərhəd idarəçiliyinin gücləndirilməsi üçün texniki yardım göstərməklə başlamışdır.
Bu cür fəaliyyətin ardınca miqrasiya idarəçiliyinin aşağıda sadalanan dörd geniş sahəsi üzrə işlərin həyata keçirilməsi təmin olunmuşdur:
• Miqrasiya və inkişaf;
• Miqrasiya proseslərinin asanlaşdırılması;
• Miqrasiya proseslərinin tənzimlənməsi;
• Məcburi miqrasiya.
BMqT-nin bu sahələr üzrə fəaliyyəti beynəlxalq miqrasiya hüququnun təşviq edilməsini, miqrasiya siyasəti ilə bağlı debatların aparılmasını və istiqamətlərin verilməsini, miqrantların hüquqlarının müdafiə edilməsini, miqrasiya sahəsində səhiyyə və gender ölçülərinin nəzərə alınmasını nəzərdə tutur.
Azərbaycan Respublikasında fəaliyyətə başladığı andan 21 il ərzində BMqT miqrasiya proseslərinin nizamlı qaydada və humanist şəkildə idarə olunmasını təmin etmək, miqrasiya məsələləri üzrə beynəlxalq əməkdaşlığı təşviq etmək, miqrasiya problemlərinin praktiki həlli isiqamətində köməklik göstərmək və ehtiyacı olan miqrantlara, o cümlədən, qaçqınlara və məcburi köçkünlərə humanitar yardım göstərmək məqsədilə Azərbaycan Respublikası Hökuməti, BMT agentlikləri, vətəndaş cəmiyyəti təşkilatları ilə və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir.
BMqT-nin Bakı şəhərində yerləşən Ölkə üzrə Nümayəndəliyi ilə yanaşı Mingəçevir şəhərindəki sahə ofisi 2006-cı ildən etibarən fəaliyyət göstərir