TƏRƏFDAŞLAR

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTET (ADAU)

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTET (ADAU) 1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyatfakültələri yaradılmışdır. Bu zaman Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır.

1929-cu ilədək fəaliyyət göstərmiş Kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup görkəmli rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə yüzlərlə kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan Kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı.

Bu zaman Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti qarşısında duran ən ciddi məsələlərdən biri də ölkəmizdə ali təhsil müəssisələrinin yaradılması, ali təhsilli milli kadrların hazırlanması idi. Birinci istiqamətdə əsas diqqət Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatı və Pedaqoji İnstitutlarının, həmçinin Milli Konservatoriyanın yaradılmasına yönəldilmişdir. Dördüncü hökumətin sədri Nəsib bəy Yusifbəylinin Parlamentdəki çıxışından bəlli olur ki, ali təhsil sahəsində əsas işlərdən biri Kənd Təsərrüfatı İnstitutunun yaradılması, digəri isə Tiflisdəki Zaqafqaziya Universitetinin Bakıya köçürülməsi məsələsi idi. Min bir əzab- əziyyət bahasına Bakı Dövlət Universiteti təsis edildiyi halda, digər ali məktəblər: Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitut və Konservatoriyanın təsisi ilə bağlı layihə sənədləri hazır olmasına baxmayaraq, onları gerçəkləşdirmək mümkün olmamışdı. Kənd Təsərrüfatı İnstitutunun yaradılması məsələsi 1929-cu ildə yenidən gündəmə gəlmişdi.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu tərkibinə birləşdirildi.

1940-cı ildə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmasının 20 illiyi ilə əlaqədar AKTİ-nin 20 illik yubileyi keçirildi. Kənd təsərrüfatı istehsalının və elminin inkişafında böyük xidmətləri nəzərə alınaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə İnstitutun bir qrup əməkdaşı Sovet İttifaqının orden və medalları ilə təltif olundu.

1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi də məhdud çərçivədə keçirilmişdi.

Ulu Öndər Heydər Əliyev AKTİ-nin inkişafına xüsusi diqqət və qayğı göstərirdi. 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilmiş Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həmin il iyulun 22-də AKTİ-nin 50 illiyinə hazırlıq və onun keçirilməsi tədbirləri haqqında Mərkəzi Komitənin və Nazirlər Sovetinin qərar qəbul olunmuş , yubileyin keçirilməsi 1970-ci il dekabr ayının 14-nə təyin edilmiş, Mərkəzi Komitənin katibi Q.X.Kazımovun sədrliyi ilə 27 nəfərdən ibarət yubiley komissiyası yaradılmış, qərarın icrasını təmin etmək üçün müvafiq orqan və təşkilatlara tapşırıqlar verilmişdi. Yubiley təyin olunmuş müddətdə keçirilməsə də Azərbaycan KP MK-nın 1979-cu il 13 mart tarixli qərarı ilə yubileyin keçirilməsinə icazə verilmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyev Azərbaycanın rəhbəri vəzifəsində çalışarkən Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təntənəli surətdə təqdim etmişdi.

Yarandığı gündən indiyədək Azərbaycan Dövlət Aqrar Universiteti çox şərəfli yol keçmiş, ölkəmizin aqrar sektoru üçün 70 minə yaxın yüksəkixtisaslı mütəxəssis hazırlamış, onların arasında ruslar, ukraynalılar, belaruslar, gürcülər,türklər, ləzgilər, yəhudilər, tatarlar, yunanlar və başqa millətlərin nümayəndələri olmuşdur.Onların arasında görkəmli alimlər, dövlət və siyasi xadimlər, SSRİ və Azərbaycan SSR Parlamentlərinin deputatları, Sosialist Əməyi Qəhrəmanları olmuşdur.Məzunlardan 14-ü AMEA-nın həqiqi üzvü, 9-u müxbir üzvü seçilmişdir.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 53 nömrəli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanı ilə bu təhsil ocağı özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsi kimi təsdiq edilmişdir.

Universitet sonuncu dəfə 2011-ci il iyulun 19-da “Dövlət qeydiyyatı haqqında şəhadətnamə” ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmışdı.

Universitetdə 6 fakultə, 32 kafedra, 550 nəfər müəllim heyyəti, 43 laboratoriya və digər lazımi resurslarla təmin olunmuşdur.